|
[ Sayta qoyulub: 04:22 06.03.2010 ]
Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi qurum ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bu qərarını kəskin pisləyir və bunu təkcə Türkiyə-ABŞ deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərəcəyini bildirir
Azəri Türk Qadınlar Birliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı" ilə bağlı çıxardığı qətnaməni pisləyən etiraz bəyanatı yayıb.
Bəyanatda deyilir: "Yüz ildən artıqdır türklər, xüsusilə Azərbaycan türkləri ermənilər, onların terror təşkilatları tərəfindən soyqırıma məruz qaldıqları və öz ata-baba torpaqlarından didərgin salındıqları halda dünya dövlətləri yenə də terrorçuların "məzlum", "qırılan xalq" olduqlarını təsdiqləməkdə davam edir. Halbuki, Azərbaycan türklərinin Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından didərgin salındıqları, bir milyondan artıq soydaşımızın köçkün olduğu, ermənilərin türklərə qarşı bir əsrdir etnik təmizləmə siyasəti apardığı beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycan türklərinin 1905, 1918, 1933, 1947, 1953-cü illərdə və nəhayət, 1988-ci ildən başlayaraq bu günə kimi erməni hərbi birləşmələri tərəfindən soyqırıma məruz qalması, Quba, Bakı, Şamaxı, Zəngəzur, Naxçıvan, Gəncə, bütövlükdə Qərbi Azərbaycan torpaqları və İrəvanda azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər, 1992-ci ildə baş vermiş Xocalı qətliamı haqqında dünya dövlətlərinin çox geniş bilgisi var. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və ölkəmizin 20 faizdən artıq torpağının işğal olunması isə günümüzün reallığıdır. Beynəlxalq güclər işğalçı bir dövlətin həyata keçirdiyi vandalizmə baxmayaraq, yenə də qondarma erməni soyqırımını tanımaqda davam edirsə, bu artıq ədalətin deyil, ədalətsizliyin, ikili standartların təzahürüdür".
Bəyanatın sonunda qeyd olunub ki, ATQB ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bu qərarını kəskin pisləyir və bunu təkcə Türkiyə-ABŞ deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərəcəyini bildirir və ABŞ-ın təzyiq mexanizmi üstündə qurulan xarici siyasətinə qarşı olduğunu bəyan edir.
|