|
[ Sayta qoyulub: 20:35 10.11.2009 ]
“Avropada Erməni diasporasına işləyən azərbaycanlılar var”
“Bizim içimizdə bir-birimizə o qədər paxıllığımız var ki, heç kim bir başqasının uğur qazanmasını istəmir. Məsələn, güneylə bağlı mübarizə aparan təşkilatlarımıza baxın. Min yerə parçalanıblar və bir-birlərini qəbul etmirlər” “Mən adbaad sayaram ki, kimlər diaspora işi üçün Azərbaycandan nə qədər pul alırlar. Onlar diaspora üçün ayrılan pulları şəxsi mənfəətləri üçün istifadə edirlər” Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Brüsseldən rəsmi səfərdən qayıtdı. “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin suallarına cavab verən Tənzilə Rüstəmxanlı ilə söhbətə bu səfərdən başlayıb, Türkiyə-Ermənistan münasibətlərinə, Azərbaycan Diasporasının vəziyyətinə qədər bir çox məsələyə toxunduq.
- Tənzilə xanım, bu səfərinizin məqsədi nə idi?
- Bildiyiniz kimi bu ilin mart ayında Belçika Senatının senatoru xanım Dominik Tilmansı Azərbayana dəvət etmişdik. Belçika siyasətində öz dəst-xətti ilə tanınan xanım Tilmans Dominik Tilmansın başçılıq etdiyi millət vəkili Marion Lemesre və Belçika Sular İdarəsinin başqanı Sadık Köksalın rəsmi heyət Azərbaycanda bir sıra mühüm nazirliklərdə çox önəmli görüşlər keçirdi. Xüsusilə, Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Eldar Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Diaspor Komitəsinin sədri Nazim İbrahimov və digər rəsmi şəxslərlə keçirdiyi görüşlər çox faydalı oldu. Onlar Azərbaycana gələnə qədər bizimlə bağlı çox fərqli təsəvvürləri vardı və bizim onları tapıb, ölkəmizlə tanış edəndən sonra ölkəmizi sevməyə başladılar. Təsəvvür edin ki, Belçikanın senatoru Xocalı soyqırımının olduğundan belə xəbəri yox idi ki, biz ona bu barədə ciddi məlumatlar verdik. Madam Tilmans Bakıya gəldikdən sonra Azərbaycanın Avropanın bir hissəsi olduğunu elan etdi. Mən ondan və millət vəkilindən tək bir istəyim olmuşdu. O da “Bu vaxta qədər erməniləri dinləmisiniz, bir az da bizi dinləyin” olmuşdu. Belçika səfərimin əsas səbəbi də Madam Tilmansla görüşüb, Azərbaycanla bağlı əməkdaşlıq perspektivlərimizi müzakirə etmək idi və biz Brüsseldə mötəbər bir tədbir keçirməklə bağlı qərara gəldik. Madam Tilmans deyir ki, “Mən Bakıdan dönəndən sonra dostlarıma gördüyüm Azərbaycanı anlatdım. Dedim ki, Bakıya gələnə qədər, biz Azərbaycanı heç tanımamışıq”. Biriləri mane olmasın deyə, çox açıqlama vermək istəmirəm, ancaq onu deyə bilərəm ki, Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinin də dəstəyi ilə gözəl bir konfrans keçirəcəyik. Bu səfərim əsnasında səfirimiz Emin Eyyubovla da görüşdüm. Onlar da bu ay çox ciddi mədəni tədbirlər həyata keçirəcəklər. Hesab edirəm ki, siyasətin girə bilmədiyi yerlərə mədəniyyətlə getmək lazımdır. Bu baxımdan Brüssel səfərimi olduqca faydalı hesab edirəm.
- Avropadan Azərbaycan qadını necə görünür?
- Madam Tilmans deyir ki, sizin qadınlarınız Qərb qadınlarından daha çox irəliyə gediblər. Xüsusilə, Avropada Heydər Əliyev Fondunun sədri Mehriban xanıma Əliyevaya böyük simpatiya var. Mən görüşlər zamanı qürur duydum ki, Azərbaycanın Birinci Ledisi dünyada Azərbaycanı layiqincə təmsil edir.
- Senatorla görüşünüz zamanı Ermənistan-Türkiyə münasibətləri gendəmə gəldimi?
- Təbii. Mən Azərbaycanın mövqeyindən çıxış edərək, bildirdim ki, Azərbaycan Türkiyənin mövqeyinə qarışmır, təzyiq göstərmir. Ancaq Türkiyə Azərbaycanın strateji müttəfiqidir və bu səbəbdən də bizim maraqlarımızı da nəzərə almalıdır. Necə ki, Azərbaycan heç vaxt Türkiyənin əleyhinə çıxmayıb. Avropada bir yanlış təsəvvür var ki, guya Azərbaycan sülh istəmir. Əsla belə olmadığını dəlillərlə izah etdim və sərhədlərin nə üçün bağlandığını izah etdim. Qeyd etdim ki, Ermənistan təcavüzkar siyasətdən əl çəkdiyi təqdirdə, heç bir dövlət onunla savaşmaz. Biz Ermənistanla savaş istəmirik, torpaqlarımızı geri verdiyi halda, biz onlarla döyüşən deyilik ki... Biz onlara qarşı təcavüzkar olsaydıq, vaxtilə Bakının ən gözəl yerlərində onlar yaşamazdı. Bu gün də Azərbaycanda 30 mindən çox erməni yaşamaqdadır və kimsə onlara qarşı hər hansısa zor tətbiq etmir. Ermənilər bir azərbaycanlının Ermənistanda qaldığını göstərə bilərlərmi? Təəssüf ki, bBizim Avropaya gedən QHT rəhbərlərimizin çoxu isə siyasi məhbus problemindən danışır və Qarabağ məsələsindən yetərincə danışılmadığına görə, ermənilər bizdən öndədirlər.
- Öncəki müsahibələrinizdə Azərbaycan Diasporası ilə bağlı narahatlığınızı ifadə etmişdiniz. Bu gün isə hüquq müdafiəçilərini ittiham edirsiniz...
- Mən Azərbaycanda diaspora fəaliyyəti ilə ilk məşğul olan təşkilatlardan birinin rəhbəri kimi bir gerçəyi açıqlamaq məcburiyyətindəyəm. 1994-cü ildən bu günə qədər bu sahədə çalışan biri olaraq deyirəm ki, bizə kənar düşmən lazım deyil. Bizim içimizdə bir-birimizə o qədər paxıllığımız var ki, heç kim bir başqasının uğur qazanmasını istəmir. Məsələn, güneylə bağlı mübarizə aparan təşkilatlarımıza baxın. Min yerə parçalanıblar və bir-birlərini qəbul etmirlər. Hamıda “mənəm-mənəmlik” var. Bu şəxsləri vətən, millət düşündürmür, hamı maddiyyatın arxasınca qaçır. Bir həqiqəti sizə deyim. Mənim Belçika senatorunu Azərbaycana gətirməyimdən, nə itirdik? Heç bir şey. Əksinə qazandıq. Ancaq diasporamızın içində olan biriləri bu səfərin baş tutmaması üçün erməni diasporu ilə işbirliyinə gedənlər belə olub. Mən inanmaq istəməsəm də, bu acı gerçəklikdir. Həmin şəxslərin arasında Azərbaycanın quzeyindən də, güneyindən də adam olub. Düşünün ki, illərlə Azərbaycanın, məmurlarımızın pullarını diaspora adı altında öz şəxsi bizneslərinə xərcləyən adamlar ölkəmiz üçün iş görülməsindən narahatdırlar. Əgər bir iş görsəydilər, iqtisadiyyatı güclü olan bir dövlətin Ermənistan kimi acından ölən ölkədən zəif diasporası olmazdı. Təkcə, Brüsseldə 15 erməni saytı fəaliyyət göstərir. Bizimkilərin sayı isə ikini keçmir, onların da fəaliyyəti qənaətbəxş deyil. Nəinki Avropada, heç Türkiyədə belə diasporamız güclü deyil. Son hadisələr göstərdi ki, erməni diasporası Türkiyədə nə qədər güclüdür. Bizim oradakı təşkilatlarımızın isə heç bir media qurumuna təzyiq etmə imkanı yox idi. Bu nə deməkdir? Bu Türkiyədə heç bir iş görülmədiyinin açıq dəlilidir. Türkiyədə Azərbaycanı müdafiə edən, prosseslərə təsir edən beş-on nəfər aydın varsa, o da bizim illərlə onlara göstərdiyimiz təmənnasız dostluğun bəhrəsidir və onlar bizim qədim dostlarımızdır. Mən adbaad sayaram ki, kimlər diaspora işi üçün Azərbaycandan nə qədər pul alırlar. Onlar diaspora üçün ayrılan pulları şəxsi mənfəətləri üçün istifadə edirlər. Bir media qurumunda adamları yoxdur ki, Azərbaycanın haqlı davasını müdafiə etsinlər. Məndən inciməsinlər, həqiqət acı da olsa, deyilməlidir. Belə iş görmək olmaz... Baxın, Türkiyənin Bəxtiyar Vahabzadəsi sayılan Yavuz Bülənt Bakilər kimi dahi şəxsiyyəti ilk dəfə mən Azərbaycana dəvət etdim və o, bizim qonaqpərvərliyimizin də təsiri ilə “Azərbaycan ürəyimdəki şah damardır” kitabını nəşr etdirdi. Bakilərin Azərbaycandakı görüşlərini mən təşkil etmişəm, ona Azərbaycanı mən gəzdirmişəm. Yəni, Bakilər Azərbaycanı bizim gözümüzlə görüb. Bu gün mən Bakilərə Azərbaycanın xalq şairi adının verilməsini istəyərdim. Çünki Yavuz bəyin Türkiyədə çox böyük çevrəsi var və o kitab əldən-ələ dolaşacaq və Azərbaycanı sevməyən olsa belə, o insanlar Yavuz bəyin şerlərinin qarşısında susurlar. Mən sevinirəm ki, on beş il əvvəl Azərbaycana belə bir dost qazandırmışam. Tək bu deyil. Xocalı ilə bağlı mitinqləri ilk dəfə mən dostlarımla bərabər keçirmişəm. Beş adamı yığıb, dəyirmi masa keçirmək əsas deyil, xarici media ilə işləmək lazımdır. Məsələn, biz may ayında Türkiyənin 12 qəzetinin jurnalistini öz hesabımıza Bakıya gətirdik. Sadəcə Türkiyədən olan iş adamı Hüseyn bəy bizə maddi dəstək verməsi ilə nüfuzlu türk mediasında Azərbaycanla bağlı müsbət yazıların çıxmasına nail olduq. Biz 15 ildə 835 tədbirə imza atdıq ki, bunun da 315-ni xaricdə təşkil etmişik. Nə yaxşı ki, Azərbaycanın xaricdə dostları var və onlar bizə dəstək veriblər. Təbii ki, Azərbaycan dövləti də hər zaman yanımızda olub. Ancaq xaricdə yaşayan və Bakıya pul mənbəyi kimi baxanlar bizə hər zaman mane olublar. Bu gün illərlə Azərbaycandan pul alan və heç bir iş görməyən şəxslər ifşa olunublar ki, bunun günahı bizdə deyil. Bu səbəbdən də hesab edirəm ki, yüzlərlə təşkilata dəstək verilməsinin yerinə, ciddi iş görən təşkilatlara dəstək verilməlidir. Paxıllıq edənləri, şəxsi mənfəətinə görə, Azərbaycanın əleyhinə işləyənləri özümüzdən uzaqlaşdırmalıyıq. Hesab edirəm ki, görülən işlərin həmin ölkədə təsirinin nə qədər olması da müzakirə olunmalıdır. Yəni, Brüssel mətbuatında Azərbaycanla bağlı yazı dərc olubmu? Əgər görünən tədbir sadəcə öz saytında işıqlandırılırsa və xarici mətbuat buna əhəmiyyət vermirsə, demək əmək boşa gedir. Məsələn, bu gün DAK xaricdə uğurla çalışır. İranın bütün agentləri bu səbəbdən də hədəf göstərirlər.
- Xarici ölkələrə gedəndə, öncədən açıqlama verməməyinizin səbəbi budurmu?
- Bəli. Çünki bilirəm ki, görüşəcəyim şəxslərin adlarını açıqlasam, mənə mane olacaqlar. Yəni, bunlar bu qədər xəstədirlər. Bəxtiyar Vahabzadə demişkən, bizə başqa qılınc lazım deyil, özümüz özümüzə yetərik. Biz Qarabağ üçün, milli dava üçün çalışanda bu gün ortalıqda gəzənlər yox idi. Milli davada zamanın nəbzinə görə oynamaq olmaz. Burada səmimi olmaq lazımdır. Təsəvvür edin ki, Azərbaycandan olan birisi senatora yazır ki, Tənzilə Rüstəmxanlı faşistdir, onun dəvətini qəbul etməyin. Mən öz milli görüşümü, fikrimi anladandan sonra Madam Tilmans başa düşdü ki, bunlar oyun qurublar.
- Bu oyunları əsasən kimlər oynayır?
- Bakıdan siyasi məhbus adı altında gedən bəzi insanlar. Belələrinə azərbaycanlı deməyə belə adamın dili gəlmir.
- Noyabrın 10-da Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentində müzakirə ediləcək...
- İnanmaq istəyirəm ki, Türkiyənin baş naziri sözünün üstündə dayanacaq. Ancaq xarici işlər naziri elə bir sənədə imza atıb ki, Türkiyəni çox çətin şərtlər gözləyir. Bizə isə gözləmək düşür. Düşünürəm ki, Azərbaycan və Türkiyə münasibətlərinin zədələnməsinə imkan verilməməlidir.
“Yeni Çağ” AİA www.yenicag.az
|