Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  Xocalı Soyqırımı ilə bağlı Dünya İctimaiyyətinə Müraciət

[ Sayta qoyulub: 19:48 04.03.2010 ]  

Ürəyində Azərbaycan sevgisi olan bütün insanları bu müraciəti imzalamağa çağırırıq!

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.


Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. ("Xocalının işğalına dair istintaq materiallarından").

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respubilkası ərazilərinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı 1993-ci ilin aprelində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı, oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır. Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və dəstəklənmişdir.

Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

"Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:

- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;

- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;

- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;

- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;

- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Bu obyektiv cizgi soyqırım cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.
Hesab edirik ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Hörmətlə

Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyinin sədri


Bu müraciətə qoşulmaq istəyənlər üçün koordinatlar:

Ünvan: Baki şəhəri, Səməd Vurğun küçəsi, 68

Tel: (+994 12) 596 13 35

Faks: (+994 12) 596 13 35

E-mail: azeriturk@mail.ru
azeriturkqadinlarbirliyi@gmail.com

Web: www.tenzilerustemhanli.az