|
[ Sayta qoyulub: 19:01 10.11.2008 ]
Tənzilə Rüstəmxanlı: “Biz Türkiyənin yanlışı ilə doğrusunu zamanında deməsək, əsl o zaman Türkiyəyə, Türkiyə-Azərbaycan qardaşlığına xəyanət edərik”
- “PKK-nın hücumları, DTP-nin federasiya təklifləri də böyük oyunun tərkib hissəsidir” - “Separatçılığa qarşı sərt mübarizə aparılmasa, ölkənin bölünməsinin qarşısını kimsə ala biməz” - “Türk xalqı ötən əsrin əvvəllərinə diqqətlə baxsa, kimin dost, kimin düşmən olduğunu ayıra biləcək” - “Bizim dərdimiz gündəlik siyasət deyil, Türk Dünyasını irəliyə aparacaq milli təfəkkürlü gənclər yetişdirməkdir”
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Yeni Çağ”a verdiyi son müsahibə ciddi rezonansa səbəb oldu. İstər Azərbaycandan, istər Türkiyədən, istərsə də Avropadan bu müsahibə ilə bağlı müxtəlif reaksiyalar gəldi. Türk sevdalılarının alqışladığı fikirlər ermənipərəstlərin xoşuna gəlmədiyi üçün iftiralarla dolu hücuma keçdilər. “Yeni Çağ”a bu dəfəki müsahibəsində çox mətləblərə aydınlıq gətirən Tənzilə Rüstəmxanlı ilə söhbətimizə də bu hücumlara münasibətini öyrənməklə başladıq:
- Bizə qarşı hücumlar həmişə olub və olacaq. İllərdən bəri Qarabağ gerçəkliklərindən, Azərbaycan Türkünün başına gətirilən müsibətlərindən danışanda, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı təkliflər verəndə hədəfə çevrilmişik. Bunlar “çamur at, özü qalmasa da, izi qalır” siyasəti ilə məşğuldurlar. Ancaq unutduqları bir məqam var, Azərbaycan-Türkiyə qardaşlığı xırda adamların dedi-qoduları ilə pozulmayacaq qədər möhkəmdir. Bunlar gündəlik siyasət adamlarıdır, Bizim dərdimiz isə gündəlik siyasət deyil, Türk Dünyasını irəliyə aparacaq milli təfəkkürlü gənclər yetişdirməkdir. Mənim sayğıdəyər ustadım Turan Yazqanı tanıyırsınız. Alparslan Türkeşdən sonra Türk Dünyasının birliyi üçün dayanmadan çalışan, heç bir türk rəhbərin ayağının dəymədiyi türk diyarlarında konfranslar, qurultaylar keçirən Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Turan Yazqandan söz edirəm. Mən ondan çox nəsihət eşitmişəm, mənim müəllimim Turan hocadır və mənim ustadım mənə “gündəlik siyasətə bulaşma, milli gənclik yetişdir” tövsiyyəsini verib. Mənim müəllimim dünyaya dar pəncərədən baxmamağı məsləhət görüb. Bunların müəllimləri isə nə yazıq ki, iftira atmağı, qara yaxmağı, güclünün qabağında haqqı müdafiə etməyib, maddi gəliri düşünməyi öyrədib bu zavallılara. Bu gün Amerika Qafqazda barış istəyir deyə, bunlar “sülh göyərçinləri” olublar. Tamam, biz də barış tərəfdarıyıq. Mən anayam və müharibəni heç vaxt arzulamıram. Amma əldə olunacaq barış kimin xeyrinə olacaq, Azərbaycan, Türkiyə bu barışdan qazanclı çıxacaq-çıxmayacaq, mən buna baxaram. Amma bunlar üçün fərqi yoxdur. Kölə təfəkkürü ilə hərəkət edirlər, Amerika “barış” dediyi üçün erməniyə yaltaqlanmağı özlərinə sığışdırır və bir də özlərini “türk” sayırlar. Yazıqlar olsun belə “türk”ə... Onsuz da erməninin də, digərinin də bir sürü yaltağı var, bunlar niyə durduqları yerdə özlərini rəzili-rüsvay edirlər. Bax bu çox çətin məsələdir. Unutduqları bir məsələ də var ki, böyük dövlətlər beş-on illik strategiya qurmurlar. Adamlar əlli illik planla hərəkət edirlər və bu müddət ərzində belələrindən istifadə edib, tullayırlar. Dahi şairimiz Bıxtiyar Vahabzadə demişkən, sən nə qədər başqasının dilini öyrənsən, sən sadəcə həmin dildə danışanlara bir yamaqsan. Bunlar da yamaqlığı öz boyunlarına götürürlər.
- Tənzilə xanım, sizə elə gəlmir ki, əslində bu hücumların bir də psixoloji tərəfi var. Yəni, qısqanclıq, gözügötürməməzlikdən daha çox buradan ideoloji rəqabətin qoxusu gəlir...
- Təbii ki, onlarla bizim baxışlarımız eyni ola bilməz. Çünki bu əslində ideologiyaların savaşıdır. Milli ideologiya ilə qeyri milli düşüncənin müharibəsi gedir. Öz millətimizdən olan manqurtlardan da bu savaşda maşa olaraq istifadə olunur. Baxın, mənim Türkiyəyə olan sevgimi bilirsiniz. İnsan ən çox kimdən inciyər? Təbii ki, sevdiyi, saydığı şəxslərdən. Mənim Türkiyəyə baxışım da elədir. Türkiyənin baş naziri Almaniyada ermənilərə qarşı “Siz Qarabağdan əl çəkin” mesajı verərkən, ona Azərbaycanda ilk təşəkkür edənlərdən biri, bəlkə də birincisi mən idim. Türkiyənin cümhurbaşqanına, da baş nazirinə də ən kiçik sayğısızlıq etmədik. Amma bu bizim bir aydın olaraq, Türkiyənin xarici siyasətinin doğru saymadığımız məqamlarına etiraz etməmiz anlamına gəlməz. Biz Türkiyənin yanlışı ilə doğrusunu zamanında deməsək, əsl o zaman Türkiyəyə, Türkiyə-Azərbaycan qardaşlığına xəyanət edərik. Bu səbəbdən də bir çox aydınımız kimi Türkiyənin cümhurbaşqanı futbol izləmək üçün Ermənistana getməsini yanlış hesab edirəm. Gülün İrəvan səfərinə o zaman haqq qazandırmaq olardı ki, Ermənistan iddialarından bir addım geri çəkilərdi. Ancaq bu gün belə bir şey müzakirə mövzusu belə deyil. Bu gün Ermənistanın Türkiyəyə qarşı iddiaları Azərbaycana qarşı iddialarından az deyil. Ermənilər iddialarından vaz keçmədiyi halda Gülün səfərindən sonra ermənilərə hər sahədə “yaşıl işıq” yanıb ki, biz buna qarşı idik və həmin mövqeyimizdə də qalırıq. Vətəndaş mövqeyini ortaya qoymaq mənim ən təbii haqqımdır.
- Nədənsə Türkiyənin ermənilərlə bağlı siyasətini tənqid etməyiniz Belçikadakı ermənipərəst “türk”ləri hiddətləndirdi...
- Bilirsiniz, mən nə onları tanıyıram, nə də onlar haqqında danışmışam. Onlar ortaya düşüblər. Biri hələ neçə ay əvvəl bir naziri tənqid etdiyimiz üçün ortaya çıxıb, bir sürü gərəksiz yazılar yazmışdı. Biz Əmir Kır adlı naziri, türk qardaşımızı tənqid də edərik, bağrımıza da basarıq. Bu isə yuyulmamış qaşıq kimi ortalıqda dolaşırdı. O zaman buna əhəmiyyət vermədik. Bu dəfə də Ermənistanın müstəqillik günündə Türkiyənin Belçikadakı səfiri Fuad Tanlayın iştirakını tənqid etdikdən sonra yenidən meydana çıxıb, öz əxlaqına uyğun çıxışlar etməyə başladı. Mən nə Yusif Cinal, nə də Cəlil Gündoğdu adlı adam tanımırdım, bu gündə tanımaq istəmirəm. Onu bilirəm ki, bu gün ermənilərlə dostluq etmək siyasətini dəstəkləyən Yusif Cinal Azərbaycana səfər edib gedəndən sonra Qarabağ həqiqətləri, qaçqınlarımızın vəziyyətinin yerinə, çarşı-bazardan yazıb. Hər kəs öz sözü, yazısı ilə mahiyyətini ortaya qoyur. Bu səbəbdən də mən müsbət enerjimi belə mənfi adamlara xərcləmək istəmirəm.
- İlham Əliyevin Sərkisyanla görüşündən sonra yenə sizdən yazıblar...
- Bu onların bəsitliyini, savadsızlığını və tərbiyyəsizliyini göstərir. İlham Əliyev ilk dəfə Ermənistan prezidenti ilə bir araya gəlmir ki? Mənim Prezidentim öz torpaqlarını işğaldan azad etmək üçün təbii ki, beynəlxalq qurumların təşkilatçılığı ilə neytral ölkədə Ermənistanın prezidenti ilə bir araya gələcək. Nəticədə cənab İlham Əliyev futbol izləmək və yə erməni kilsəsini təmir etdirmək üçün Sərkisyanla görüşmür. Qarabağ məsələsini çözümə qovuşdurmaq üçün bir araya gəlir. Mən adım kimi əminəm ki, İlham Əliyev Azərbaycanın heç bir məsələsində heç bir dövlətin, xüsusilə də Ermənistanın qarşısında bir addım da geri çəkilməz. Hər tərəfdən təkliflər gələ bilər, ancaq Qarabağ məsələsində son sözü Azərbaycan xalqı və onun seçdiyi prezident verəcək. Bunlar isə belə diplomatik münasibətləri anlamayacaq qədər cahildirlər. Yusif cinallara gəlincə, onar Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşdırılmasını istəyirlər. Yolları açıq olsun. Biz Türkiyəli bəzi türklərdən fərqli olaraq, nəinki Qarabağ məsələsi ilə bağlı, eyni zamanda ermənilərin Türkiyəyə atdığı “soyqırım” ləkəsini də əhv etməyəcək və onlarla hər sahədə mücadilə edəcəyik. Azərbaycan davası Türkün davasıdır və yusif cinallar bu yükün altına girə bilməzlər. Bunu biz edəcəyik. Türk xalqına gəlincə, qoy onlar ötən əsrin əvvəllərinə diqqətlə baxıb, dost ilə düşməni ayırsınlar. Anadoluda Milli Mücadilə zamanı kimin Türkiyənin yanında olduğunu, kimlərin arxadan zərbə endirdiyini, xəyanət etdiyini görmək üçün tarix kitablarını qısaca vərəqləmək kifayətdir. Orada hər şey yazılıb. Azərbaycandan, Kərkükdən Çanaqqalaya gedib, şəhid olanların da, türk qətliamı törədərək, ingilisin, rusun köləliyini edən ermənilərin də adlları var. Seçim Türkiyənindir.
- Bəlkə də bu sualı sizə çox veriblər. Türkiyə nədən Ermənistanla yaxınlaşdı?
- Türkiyə xarici siyasətdə müstəqil deyil. Bu gün Türkiyənin daxilində savaş gedir. PKK dağlarda, DTP isə Ankaranın mərkəzində Türkiyə əleyhinə fəaliyyət göstərirlər. Göün iş o yerə çatıb ki, PKK simpatizanları öz bayraqları ilə Türkiyədə mitinq edir. Federasiya istəyirlər. Türkiyədən fərqli olaraq, Azərbaycan daha müstəqil siyasət yürüdür. Avropadan Azərbaycana da çox təkliflər edilir ki, bizim iqtidar bu təkliflərin yalnız maraqlarımıza uyğun olanlarını qəbul edir. Türkiyə isə onların caynağına keçib. İllərdən bəri Tükiyənin üzərində işləyir, bu ölkədə öz adamlarını yetişdirirlər. Bu gün Türkiyə xarici qüvvələrin əlaltısına çevrilmiş sözdə aydınları ilə mübarizədə aciz qalıb. Uca Tanrı Türk xalqının yardımçısı olsun.
- Əslində, Türkiyənin tək Azərbaycan deyil, Türk Dünyasından təcrid olunması prossesi gedir...
- Təbii ki, əsas hədəf Türk Dünyasının bir araya gəlməməsidir. Türk Birliyinin beyni sayılan Türkiyəni öz daxili məsələləri ilə məşğul edib, ərazisini parçalamaq siyasətinin də arxasında bu məqsəd dayanır. Türk Dünyasını başsız qoymaq istənilir. PKK-nın hücumları, DTP-nin federasiya təklifləri də böyük oyunun tərkib hissəsidir. PKK-nı terror təşkilatı saymayan bir millət vəkilinin Türkiyə Böyük Millət Məclisində nə işi ola bilər? Onun millət vəkili adını qazanmasına nail olanların məqsədi separatizmdir. Mənə çox ağır gəlir ki, birisi çıxıb Türkiyənin baş nazirinə “Sən Diyarbəkrə, Vana gəlmə” deyir. Sən kimsən ki, Türkiyəmin baş nazirinə qadağa qoyursan?! Onlara bu sözləri dedizdirənlər, bölgədə qarışıqlıq edənlər var və əsl düşmən də odur. Bir də Tükiyənin bunlara qarşı siyasi zəiflik nümayiş etdirməsi bölücülərin qol-qanadını açır ki, hər şeydın danışırlar. Türk millətçiləri həbslərdə, separatçılar məclisdə oturduqları zaman bu belə də olmalı idi. Mən baş nazirin və Dövlət Baxçalının onlara dedikləri “ya sevəcəksən, ya da sevəcəksən” sözlərinə qatılıram. Baxın, Əhməd Türk və onun kimilər hansı ölkədə Türkiyədə çıxardıqları oyunu çıxara bilərlər? Almaniyada və ya Amerikada bölücülük edə bilərlər? Fransada və ya İngiltərədə dövlət bayrağına həqarət edə bilərlər? Ya həmin bölücülər “tək millət, tək dövlət, tək bayraq” tezisini qəbul edəcəklər, ya da rədd olub getməlidirlər əziz Türkiyəmizdən. Niyə yusif cinallar Vanda oturub, baş naziri hədələyən həddini bilməzlərə cavab vermir, ancaq bizim haqlı davamıza ləkə atırlar. Bizi isə bunların yazıları qətiyyən narahat etmir. Bizi narahat edən Tükiyənin başına gələnlərdir. Azərbaycan xalqı hə zaman Türkiyənin yanında olub və parçalanmasını istəmir. Hesab edirəm ki, Türkiyənin parçalanmaması üçün bütün Türk Dünyası səfərbər olmalıdır. Ancaq ən böyük vəzifə Türkiyənin üzərinə düşür. Türkiyə heç olmasa Azərbaycandan örnək götürməlidir. Azərbaycanda kim bayrağa, millətə və ya dövlətə qarşı çıxışlar edə bilər? Ulu Öndərimiz Heydər Əliyev bir vaxtlar belə hərəkətlərə cəhd edən hər kəsi yerində oturdub, bu məsələyə əbədi nöqtə qoydu. Əslində Türkiyə Heydər Əliyev praktikasından çox şey öyrənə bilər. Baxın, separatçı Ələkram Hümbətov bir müddət cəza çəkdikdən sonra ölkədən xaric edildi. Əhməd Türk kimi adamlar da Türkiyədən xaric olunmalıdırlar. Separatçılığa qarşı sərt mübarizə aparılmasa, ölkənin bölünməsinin qarşısını kimsə ala biməz.
Söhbətləşdi: A.Ələsgər Qələmə aldı: R.Səfərov
|