Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  «Bu milli ideologiya ilə əxlaqsız düşüncənin savaşıdır»

[ Sayta qoyulub: 18:55 10.11.2008 ]  

Tənzilə Rüstəmxanlı: «Güclü erməni diasporası ilə mübarizə aparmaq əvəzinə iş görən insanlarımıza maneçilik törətmək əslində ən böyük xəyanətdir»

- «Türkiyədə Atatürkdən qisas alan təriqətçilərin bizə qarşı yürütdükləri «çamur at, izi qalsın» siyasəti başlarında çatlayacaq»
- «Seçkilərdə bunları dəstəkləmədiyi üçün Türkiyəyə «xain» deyənlər, bu gün türkiyəsevər olublar»
- «Bizim Xocalı ilə bağlı Brüsseldəki yürüşümüzə 2 adamla qatıl «Azərbaycan Evi»nin rəhbəri Bülənt Gürcam DAK-ın fəaliyyətini tənqid etmədən öncə öz fəaliyyətsizliyinə diqqət etsin»
- «Erməni bizə içimizdəki xainlər qədər bizə qarşı düşmənçilik etmir»
- “Bu millət üçün savaş verdiyim üçün tərbiyyəsizin birini üzərimə hürdürürlər”


«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə müsahibə


- Tənzilə xanım, son Avropa səfərinizlə bağlı rəsmi məlumat mediada yayıldı. Bu səfərinizlə bağlı təəssüratlarınız çox maraqlıdır.

- Bu səfərlərimizin çox böyük önəmi var. Səfərlərimizlə bağlı demək istəyirəm ki, Belçikadakı görüşlərimizin yüksək səviyyədə alınmasında ATQB-nin Avropa təmsilçisi Şərifə Özdəmirin və DAK-ın Brusseldəki nümayəndəsi Burak bəyin çox böyük xidmətləri oldu. Məhz onların təşkilatçılığı ilə Avropada çox uğurlu görüşlərimiz keçdi. Və ən önəmlisi o oldu ki, Belçikada keçirdiyimiz rəsmi görüşlərdən çox mühüm nəticələr əldə etdik. İstər insan hüquqları üzrə nazirlə, istər türk əsilli deputat Hilay xanımla, istərsə də türk diaspora təşkilatlarının rəhbərləri ilə keçirdiyimiz görüşlərdə Qarabağ problemini, Güney Azərbaycandakı insanlarımızın taleyini və Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımını gündəmə gətirdik. Məsələn, əsirlikdə olan qadın və uşaqlarımızın vəziyyəti ilə bağlı nazirə məlumat verəndə çox təsirləndi. Nazir əsir qadınlarla bağlı faktlardan dəhşətə gəldi. Təsəvvür edin ki, 20 dəqiqə olması nəzərdə tutulan görüş, nazirin təşəbbüsü ilə təxminən 2 saat sürdü. Mən fürsətdən istifadə edərək Milli Təhlükəsizlik Nazirliyinə müxtəlif dillərdə çap etdirdikləri, Qarabağ həqiqətlərini faktlarla anladan kitablara görə dərin təşəkkürümü bildirirəm. Xocalı qətliamı, əsir və itkinlərimizlə bağlı cənab Eldar Mahmudovun rəhbərliyi ilə dərc olunan xüsusilə 7 dilə tərcümə edilmiş "Bizi azad edin" adlı kitab Belçikalı naziri heyrətə gətirdi. Nazir 21-ci əsrdə əsirlərin olmasından utanc duyduğunu söylədi və mənə bu məsələnin Avropa Birliyinin insan hüquqları komissiyasında qaldıracağına dair söz verdi. Həm nazirlə, həm də Türk dərnəkləri ilə görüşlərimizdə mənim onlara verdiyim Heydər Əliyev Fondu ilə MTN-nin hazırladıqları kitab sənədlər çox maraqlı doğurdu. Bu görüşlərin nəticəsi olaraq mən bir daha görməli çox işlərimiz olduğuna əmin oldum və bir çoxlarının bu işləri görməli olduqları halda görmədiklərinin şahidi oldum. Təəssüf ki, Avropadakı bəzi təşkilatların rəhbərləri, səfirlik əməkdaşları Azərbaycan həqiqətlərini dünyaya anlatmaq əvəzinə xırda hisslərin əsirinə çevriliblər. Belə olmasaydı Belçikanın ən önəmli nazirlərindən biri Azərbaycanın parçalanmış dövlət olduğunu ilk dəfə DAK rəhbərliyindən eşitdiyini deməzdi. Yaxşı ki, Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu var, yaxşı ki, Milli Təhlükəsizlik Nazirliyi var ki, yenə də bu qurumların hazırlatdığı kitablar bizi güclü erməni diasporası qarşısında «silah»sız buraxmır. Ancaq bu səfər zamanı bir daha mənə aydın oldu ki, vətəni üçün təmənnasız xidmət göstərənlər nə qədər azdır. Məsələn, Belçikanın türk əsilli millət vəkili Hilay xanım bildirdi ki, Xocalı soyqırımını Belçika parlamentində qaldırması üçün Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Fuad Hümbətovdan əlli min imzalı sənəd istəyib və qarşı tərəf o gedən gedib. Təkcə Brüsseldə 200 min Türkiyə türkü və 30 minə yaxın Azərbaycan türkü yaşayır. Ancaq səfirliyimiz bu cür imkanı dəyərləndirməyib və ya Fuad müəllim hansısa səbəblərdən buna vaxt tapmayıb. Biz DAK və ATQB olaraq bu məsələni həll etməyi öz üzərimə götürmüşük və bu məsələ ilə bağlı da artıq türk diaspora təşkilatları ilə görüşlərimiz başlayıb. Biz onların yardımı ilə məsələni həll edəcəyik. Mən orada olarkən anladım ki, erməni bizə içimizdəki xainlər qədər bizə qarşı düşmənçilik etmir. Güclü erməni diasporası ilə mübarizə aparmaq əvəzinə iş görən insanlara maneçilik törətmək əslində ən böyük xəyanətdir. Ermənilərin yaratdıqları təşkilatlar öz kirli məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edirlər. Yalandan da, iftiradan da istifadə edərək, öz işlərini görürlər.

- Bəs bizimkilər?

- Təsəvvür edin ki, bizim Azərbaycan naminə apardığımız görüşlərə belə maneçilik törədənlər var idi. Bunu da başqası etmirdi. Səfirliyin bəzi əməkdaşları, QHT rəhbərləri bizim işimizə maneçilik törətmək üçün əllərindən gələni edirdilər. Azərbaycan naminə kim xırda bir iş görürsə, səfirlik onun önünü açmalıdır, ona mane olmamalıdır. Düzdür, Belçikadakı səfirimiz çox mədəni və çalışqan insandır. Ancaq bəzi səfirlik işçiləri və onların himayə etdikləri şəxslər özləri bir iş görmədikləri halda, görülən işə də mane olurlar. Bunlar əsl monopolist kimi davranırlar. Məsələn, bir Bülənt Gürcam var. Çox yaxşı tanıdığım və Cavad Derəxti ilə mübahisəsində müdafiə etdiyim bir şəxsdir. Onu vətənpərvər kimi tanıyıram. Təşkilatının adı da «Azərbaycan Evi»dir. «Azərbaycan Evi» yaradan Bülənt bəy bizim Xocalı ilə bağlı Brüsseldəki yürüşümüzə 2 adamla qatılmışdı. Azərbaycandan ayrı-ayrı məmurlar da yardım etdiyi halda heç bir iş görə bilməyən Bülənt Gürcam DAK-ın fəaliyyətinə ironiya ilə yanaşır. Yaxşı olmazdımı ki, Bülənt bəy DAK-ın fəaliyyətini tənqid etmədən öncə öz fəaliyyətinə, üzr istəyirəm fəaliyyətsizliyinə diqqət etsin. Əgər belə olmasaydı, belçikalı nazir biz demədən öncə Qarabağ problemi ilə bağlı həqiqətləri Bülənt Gürcamdan eşidərdi. Siz orada yaşayırsınız və orada fəaliyyət göstərən erməni diasporası və PKK ilə mübarizə aparmaq əvəzinə bizə maneçilik törətməyə çalışırsınız. Bizim Türk Dünyası uğrunda apardığımız mübarizəyə dəstək vermək əvəzinə başqalarından fərqli olaraq heç bir məmurun cibinə girmədən, alnımızın təri ilə apardığımız mücadiləyə mane olursunuz. Mənim üçün vətənimin, millətimin namusu çox önəmlidir. Türk Dünyası üçün canını fəda etmiş insanlara qarşı belə münasibət yolverilməzdir.

- Türkiyədən söz düşmüşkən, Belçika səfiri Fuad Tanlay Ermənistanın müstəqillik gününə qatıldı...

- Mənim Brüsseldə olduğum zaman bu olay baş verdi və bütün mediadan gizlədilmək istəndi. Yalnız ona yaxın və bizim haqqımızda da bir müddət öncə tərbiyyəsizlik edən Yusif Çinal adlı birisi onun bu hərəkətini müdafiə edən və sığortalamaq istəyən yazı ilə çıxış etdi. Fuad Tanlay və onun mirzəsi hətta qabaqdangəlmişlik edərək, Azərbaycanla Ermənistanı eyniləşdirir. Bir adam da buna qarşı səsini çıxarmır. Bizim görüşlərimizə mane olmaq istəyənlər Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymaq istəyərək, böyük bir qəbahət işləyən səfirə güldən ağır söz demirlər. Əgər Fuad Tanlay ermənilərsiz qala bilmir, onların yanında hüzur tapırsa, getsin, ancaq nə o, nə də bir başqası Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoya bilməz. Azərbaycan Türkiyəni sevir və bu səbəbdən də bu gün Azərbaycan bir çox ölkələrlə qarşı-qarşıyadır. Hər zaman Azərbaycan öz mənafeyini Türkiyəyə qurban verib. Tarixə baxın. Azərbaycanla Türkiyənin qardaşlığı bir-iki illik bir məsələ deyil ki, bir anın içində bir-birindən imtina etsin. Necə ki, biz Nuru Paşanın qəhrəmanlığını unutmamışıq və vəfa borcumuzu hər zaman yerinə yetirməyə çalışırıq. Baxın, Osmanlı çökərkən belə Türk böyükləri Azərbaycanın Türkiyə üçün önəmini bildikləri üçün buranı qoruyublar. Ancaq XXI əsrin Türkiyəsinin bəzi rəhbərləri və diplomatları XX əsrin əvvəlindəki rəhbərlər qədər düşünməkdən belə acizdirlər. Türkiyənin ayağına daş dəyəndə, mənim bir Azərbaycan Türkü olaraq, ürəyim sızlayır. Amma Tanlay kimi Türkiyə təmsilçiləri bu iki qardaşın arasına girmək istəyirlər. Təbii ki, yusif çinallar da ona haqq qazandırmaq üçün Azərbaycanlı lider və nazirlərin ermənilərlə görüşdükləri ilə Tanlayın bu addımını eyniləşdirməyə cəhd edirlər. Təbii ki, lider deyəndə cənab İlham Əliyevi nəzərdə tuturlar. Çünki bizim bir liderimiz var: İlham Heydər oğlu! Və həm bizim liderimiz İlham Əliyev, həm də müvafiq şəxslər ATƏT-in Minsk Qrupunun çərçivəsində Ermənistan rəhbərləri ilə görüşüblər və bu görüşlər torpaqlarımızın azad olunması üçün həyata keçirilib və Azərbaycan tərəfi bir addım da olsun öz prinsiplərindən geri çəkilməyib. Azərbaycan Prezidenti İrəvana gedib, Sərkisyanla bərabər futbol izləməyib. Azərbaycan lideri əgər diplomatik görüşlərdə geri çəkilsəydi, çoxdan həll edilərdi. Ancaq Azərbaycan Prezidenti xalqına xəyanət etmədi və Qarabağ məsələsində prinsipiallığını qorudu. Qos-qoca Türkiyənin prezidenti isə İrəvana getdi. Özü də ermənilərin Azərbaycanla yanaşı Türkiyəyə qarşı yalançı erməni soyqırımından ərazi iddialarına qədər bir sıra ittihamları olduğu, Türkiyənin ərazi bütövlüyünü tanımadığı halda Türkiyənin prezidenti ermənilərlə dost olmaq istədi. Mən bunu Türkiyəmin Prezidentinə yaraşdırmadım və bunu açıq şəkildə bildirdim. Bizim haqlı iradımızın qarşısında bunlar Azərbaycana qarşı iftiraya əl atırlar. Azərbaycandan hansı rəsmi şəxs İrəvana gedib? Əgər balaca Azərbaycan böyük Türkiyə qədər Avropa Birliyi qarşısında geri çəkilsəydi, bütün problemlərimiz həll olunardı. Ancaq bizim dövlətimiz öz məğrur duruşundan vaz keçmir və qarşısındakını özü ilə hesablaşmağa məcbur edir. Biz bunu söylədiyimiz üçün, ortaya mövqe qoyduğumuz üçün həm Avropada, həm Türkiyədə, həm də Azərbaycanda iftiralarla üzləşirik. Görəsən, PKK, ASALA və bizə mane olan «sapı özümüzdən olan baltaları» nə birləşdirir?

- Yəni, siz bütün bunların ayrı-ayrı fərdlərin addımı deyil, sistemli qrup işi hesab edirsiniz?

- Əlbəttə. Bu bir insanın kimdənsə intiqam hissi ola bilməz. Bəzən şüursuz şəkildə hərəkət edən insanlar da sistemli bir fəaliyyətə özləri də bilmədən yardım edirlər. Ancaq son aylarda rastlaşdığımız olaylar, xüsusilə mənim PKK və ASALA-ya hədəf göstərilməyim, ermənipərəstlərin hücumları deməyə əsas verir ki, bunlar hamısı bir mərkəzdən idarə olunur. Ancaq onlar bizi ruhdan sala bilməyəcəklər. Mənim Türk Dünyasına və Türkiyəyə qarşı sevgim təmənnalı, moda üçün olan sevgi olmayıb. Mən hansı şəraitdə olsam da, türk sevdamdan vaz keçməmişəm. Bu gün Türkiyəni sevmək moda halını alıb. Seçkilərdə bunları dəstəkləmədiyi üçün Türkiyəyə «xain» deyənlər, bu gün türkiyəsevər olublar. Biz isə o gün də, bu gün də, hər zaman Türkiyənin yanında olmuşuq və biz bunu sevərək edirik. Doğrudur, insan bəzən bu hücumlardan, özəlliklə, «sapı özümüzdən olan baltaları»n davranışlarından sonra insan yorulduğunu hiss edir. Ancaq cənab İlham Əliyevin Nazirlər Kabinetindəki çıxışı mənə böyük mənəvi dəstək oldu. İlham Əliyev açıq şəkildə bildirdi ki, Ermənistan öz təcavüzkar mövqeyindən əl çəkməyənə qədər, onunla heç bir iqtisadi-siyasi əlaqədən söz gedə bilməz. Sonucda ermənilər anlayacaqlar ki, Azərbaycanla bu cür davrana bilməzlər. İlham Əliyev bu məsələ ilə bağlı daha aydın nə deyə bilərdi? Sonra İlham Əliyevin Gülün İrəvan səfəri ilə bağlı razılığından danışır, öz yalnış əməllərinə haqq qazandırmağa çalışırlar. Halbuki, İlham Əliyevin mövqeyi ortadadır. Bu səbəbdən də biz üzərimizə çirkab axınının gəlməsinə baxmayaraq, yolumuza davam edəcəyik.

- Biz də, siz də türk səfirə qarşı çox sərt danışdıq. Ancaq onların müdafiə çıxışlarında bir haqlı məqam var ki, səfir dövlətinin razılığı olmadan heç bir addım ata bilməz...

- Əlbəttə. Bu daha pisdir. Fuad Tanlay açıq şəkildə onu ermənilərin ayağına Xarici İşlər Nazirliyinin göndərdiyini deyir. Yazıqlar olsun belə xarici siyasətə. Ancaq onu da unutmayaq ki, Türkiyə bu gün xarici siyasətini müstəqil yürütmür. Bunu mən iddia etmirəm. Türkiyənin böyük aydınları bunu sənədlərlə ortaya qoyurlar. Abdullah Gül İrəvana öz razılığı ilə getməyib. Avropa Birliyi Türkiyəyə öz şərtlərini diqtə edir və hazırki hökumət də bu şərtlərə boyun əyirlər. Avropa Birliyinin bu aşağılayıcı şərtlərinə qarşı çıxa biləcək qüvvələr isə bu gün susdurulmaq istənilir. Həmin milli qüvvələrin bir çoxu bu gün məlum «Ergenekon» əməliyyatı çərçivəsində həbs olunub. Bu əməliyyatı da Avropa Birliyi və Amerika həyata keçirdi. Məqsəd milli qüvvələri susdurmaq idi ki, bəzilərini həbsxanaya atıb, bəzilərini də həbs olunmaqla hədələyərək, öz məqsədlərinə az da olsa nail olublar. Eyni əməliyyatı Azərbaycanda da həyata keçirmək istəyirdilər. Burada da ermənilərə və türk düşmənlərinə sevgi ilə baxmayanları cəzalandırmaq niyyətində idilər. Şükür ki, Azərbaycanı idarə edənlər Türkiyədən fərqli olaraq, qərbin qarşısında duruş gətirə bilən və müstəqilliyini qoruyan insanlardır və vətəndaşını heç bir dövlətə qurban vermirlər. Necə ki, 2003 və 2008-ci illərdə Azərbaycan iqtidarı xarici qüvvələrin bütün planlarını boşa çıxardı. Dövlət dediyin budur!

- Artıq Türkiyədə «Ergenekon»un məhkəməsi başlayıb. Bu prosses başlayandan bəri Azərbaycanda ən çox hücuma məruz qalanlardan bəlkə də birincisi Siz oldunuz. Məhkəmədən nə gözləyirsiniz?

- Vətənsevərlərə qarşı hücum hər yerdə var və onlar həmin çirkabı bizim də üzərimizə çəkmək istədilər. Ancaq alınmadı. Türkiyədə də sular durulacaq. Artıq ilk məhkəmə iclasından məhkəmə fiaskoya uğradı. Bir-iki iclasdan sonra mənim tanıdığım insanların bir çoxu bəraət edəcək. Orada çox insan var, ancaq mən tanıdığım insanlardan danışıram ki, həmin insanlar hər zaman Azərbaycanın yanında, erməninin qarşısında olublar. Bu insanlarla millətimin haqlı davasında bərabər olmuşam və bunu da heç vaxt gizlətməmişəm. Mən onların başqa vaxt nə etdiklərindən xəbərsizəm, ancaq onu bilirəm ki, onlar azərbaycanlılardan artıq Azərbaycan üçün can yandırıblar. Onlara qarşı iddianamənin ciddiliyi telefon danışıqlarından və qızım Aydanın adını o iddianaməyə salmalarından bəlli olur. Ancaq bütün bunlara rəğmən bəyan edirəm ki, mənim millətimin qarşısında gizlədəcək və öz keçmişimdən qorxacaq heç bir şeyim yoxdur. Heç kəs məni nə Türkiyəyə, nə də Azərbaycana xəyanətdə suçlaya bilməz. Bizə qarşı atılan hər daşın, hər iftiranın cavabını hüquqi yolla verəcəyik. Açıq şəkildə bizim həbs olunmağımızı istəyən qəzetlərin də cavabını verəcəyik. Nə üstümüzə gələn o Amerikadan idarə olunan təriqətçi tayfa, nə də digərlərini sona qədər sevinməyə qoymayacağıq. Onlar elə bilirlər ki, bizi susdura biləcəklər. Mən Türkiyədə yaşanan olayların Azərbaycanda yaşanmasına razı ola bilmərəm. İnşallah burada getdikcə güclənən bu təriqətçi zehniyyətə qapını göstərəcəyik. Bu yolda bütün fədakarlığa hazırıq. Bunların məqsədi bizi Türklük davasından vaz keçirməkdir ki, bunu bacarmayacaqlar. Bu gün Türkiyədə etnik siyasət yürüdənlər, Türkiyəni parçalamaq istəyənlər Azərbaycanda bu məqsədlərini reallaşdırmaları yolunda ən böyük maneə olaraq vətənsevərləri, xüsusilə Türkiyə örnəyindən ibrət götürənləri görürlər, bunun üçün bizi zərərsizləşdirmək istəyirlər. Unutduqları bir məqam var ki, Azərbaycan öz məğrur duruşu ilə bütün dünyaya meydan oxuyur ki, mənim müstəqilliyimə kimsə əl uzada bilməz.

- Niyə neçə əsrlik imperiyanın varisi olan və Atatürk tərəfindən qurulan bir cümhuriyyət heç olmasa 15-16 illik dövlətçilik təcrübəsi olan Azərbaycan qədər qərb önündə duruş gətirə bilmir?

- Bu gün əslində Türkiyədə Atatürkdən qisas alınır. Adında Türk adı olan cümhuriyyəti quran və Türk Dünyasına qarşı oynanan oyunları pozan Mustafa Kamala qarşı kin bu gün də davam edir. Bu gün Atatürkə min ad qoyurlar. Onun üçün Atatürkün adını silməyən çalışırlar.

- Ancaq bir vaxtlar həmin təriqətçi zehniyyət Atatürkü tərifləyirdi. Necə ki, bu gün Azərbaycanda da həmin taktikadan istifadə edirlər...

- Bunlar bütün ülvi dəyərlərdən öz məqsədlərinə çatmaq üçün istifadə edirlər. Bunlar özlərinə yer edənə qədər Azərbaycan-Türkiyə qardaşlığından da danışırlar, özlərini milliyyətçi kimi də göstərirlər. Bunlar hazırda həmin plan üzrə hərəkət edib, adamlarını dövlətin içində yerləşdirməkdə davam edirlər. Zamanı gələndə Azərbaycanı da Türkiyənin gününə salmaq üçün... Ancaq ümid edirəm ki, İlham Əliyev Türkiyənin yaşananların Azərbaycanda yaşanmasına icazə verməyəcək. Baxın, bütün dünya iqtisadi krizisin təsiri ilə çalxalandığı vaxt Azərbaycan bu bataqlığa düşmədi. Bu İlham Əliyevin uzaqgörənliyinin nəticəsidir. Prezidentin addımları deməyə əsas verir ki, İlham Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas edəcək.

- Tənzilə xanım, təriqətçi zehniyyətdən söz düşmüşkən, Almaniyadakı «Dəniz Fənəri» məhkəməsi ilə bağlı nə düşünürsünüz?

- Bu məhkəmə İslamdan şəxsi məqsədləri naminə istifadə edənlərin iç üzünü ortaya qoydu. Yetim-yesir üçün toplanan pullar yeyilirsə, bu ən böyük Allahsızlıqdır. Özlərini mömün sayıb, qarşı tərəfə iftiralar atırlar ki, bu nə dinə, nə imana sığar. Bunların dinə sevgiləri də saxtadır. Bunların nadürüstlüyü ucbatından Avropada min bir əzabla pul qazanan türklərin paraları xristianlara qismət oldu. Alman məhkəməsi dedi ki, siz oğrusunuz, siz millətinizin cibinə girirsiniz. Bu gün yanlarında olmayan insanlara iftira atan, qadın-uşaq bilmədən hərəkət edən, yetim malını yeyən bu təriqətçi zehniyyətin dinlə heç bir əlaqəsi yoxdur.

- Fətullah Gülən üçün terror qanununu dəyişdirənlər indi də 14 yaşlı qızla yaxalanan Hüseyn Üzməz üçün evlilik qanununu dəyişdirmək istəyirlər...

- Bunlar dini özlərinə alət ediblər. Bunların hərəkətləri İslama ziddir. Əslində bunların əxlaqsızlığının ən bariz nümunəsi Üzməz olayıdır. Baxın, bunların qəzetləri bizi suçlamaq üçün hansı iftiralara əl atırdılar. Üzdə dindən danışıb, əslində dindən öz əxlaqsızlıqlarına pərdə kimi istifadə edirlər. Fətullah Gülənə bağlı «Zaman» qəzetinin Azərbaycandakı nümayəndəliyinin başında olan Diyarbəkr kürdünün mənə qarşı düşmənçiliyinin səbəbini anlaya bilmirdim. Sonda anladım ki, mənim Türk millətinin mənafeyi üçün çalışmağım buna rahatlıq vermir və bunun üçün mənə iftira atır. Qoy, «Ergenekon» məhkəməsi yekunlaşsın, o da qanun qarşısında mənə atdığı iftiralara görə cavab verəcək. Bunların «çamur at, izi qalsın» siyasəti başlarında çatlayacaq. Mən Türkiyəni qarış-qarış gəzərək, Qarabağ, türkçülüklə bağlı konfranslar verəndə mənə bu gün çirkab atanlar haradaydılar? Mən şəxsi imkanlarımla və türkiyəli dostlarımın yardımları ilə «Kanal D»dən efir vaxtı alaraq, Azərbaycan qadınını təhqir edəni üzr istəddiyim halda, Azərbaycanda fəaliyyət göstərən biriləri məni təhqir edirlər. Öz qadınını evindən kənara buraxmayacaq qədər inamsız olanlar, öz ailəsinə güvənməyənlər məni hədəf seçirlər. Bu millət üçün savaş verdiyim üçün tərbiyyəsizin biri iftiralar yağdırtdırırlar. Mənim ondan və arxasındakı məmurlardan fərqli olaraq, gizlədəcək və utanacaq heç bir şeyim yoxdur. Mənim vicdanım rahat, alnım açıqdır. Ancaq həmin tərbiyyəsizin keçmişinə nəzər salsanız görərsiniz ki, niyə həbsə girib? Bu adamlar üçün namus çirkli paltar yumaqdır. Bu adamlar həyatları boyu qadınlarının kölgəsində hərlənib, özlərini cəngavər sayırlar. Çünki bu adamın aldığı ailə tərbiyyəsi elə gündədir ki, bu ölkədə namuslu bir qadının olmasını istəmir. O istəyir ki, hamı onun anasının, həyat yoldaşının əxlaqında olsun.

- Məncə, bu əslində bir düşüncə savaşıdır...

- Əlbəttə. Bu psixoloji savaşın tərkib hissəsdir. Bizi haqlı olduğumuz yoldan döndərmək üçün hər yola əl atıb, hər şərəfsizlikdən istifadə edirlər. Bu milli ideologiya ilə əxlaqsız düşüncənin savaşıdır. Bəzi qəzet redaktorları kişilikdən danışıb, tanınmış millətçi qadınlara böhtan atmaqla məşğuldurlar. Çünki bunun kişilik anlayışı odur. Mənim bu insanlara itirəcək vaxtım yoxdur. Bu ölkədə məhkəmələr var və onlar bu tərbiyyəsizliyə son qoymalıdırlar. Qoymayacaqlarsa, yazıqlar olsun bu millətə. Bu pislik cəmiyyətdən təmizlənməlidir. Qadınları şantaj edərək pul qazanan bu şərəfsiz bəzi qüvvələrin oyuncağına çevrilib və bu üfunət iyi verən zibil yeşiyi onlar tərəfindən yönləndirilir. Bunlar tərbiyyəsiz olduqları qədər də qorxaqdırlar. Bir güclüsü qabaqlarına çıxanda notarial qaydada üzr istəyir. Digərinin ayaqqabısını öpür. Həbsdən çıxandan sonra isə şirə dönür, tərbiyyəsizliyinə davam edir. Belə murdarlar bir deyil, iki deyil. Ancaq hamısı layiqli cəzalarını alacaqlar. Heç bir məmur düşünməsin ki, onun ailəsindən yazana qədər bunlara «yaşıl işıq» yanmalıdır. Qəzetin birinci səhifəsinə İlham Əliyevin şəklini vurmaq ona bu millətə xidmət edən ləyaqətli insanları təhqir etmək imkanı tanımır. Əxlaqsız bir jurnal buraxaraq, Mehriban xanımı orada tərifləyir ki, bunun özü Mir Cəlal nəslinin yetirməsi olan Birinci Xanıma qarşı təhqirdir. Bu iyrənc yolu tutanların hamısı cəzalandırılmalıdır. Bu məsələ ilə də bağlı hörmətli prezidentimizə müraciət etmişəm ki, həyatımı bu dövlətin qorunmasına həsr edən, ölkədə rəngli inqilabların olmaması üçün çalışan bir insan kimi suçum nədir ki, belə bir tərbiyyəsizliklə üzləşmişəm. Bu adamın gündəlik qəzet çıxarmaq imkanı, şəhərin mərkəzində dörd-beş evinin olması araşdırılmalı, buna dəstək verənlər də cəzalandırılmalıdır. Niyə bu adam həbsə girən kimi hansısa sehrli əl vasitəsi ilə azadlığa çıxır? Niyə başqa jurnalistlər kimi bu illərlə yatmır? Dövləti müdafiə edən insanlara hürmək üçünmü bu içəridən çıxarılır? Bu gün erməni bu binamuslar qədər düşmənçilik etmir. Əminəm ki, hörmətli İlham Əliyev bu tərbiyyəsizliyin aradan qaldırılması ilə bağlı müraciətimə diqqətlə yanaşacaq.

Aqil\Yeni Çağ