|
[ Sayta qoyulub: 17:20 05.05.2008 ]
Tənzilə Rüstəmxanlı: “Azəri-Türk Qadınlar Birliyi hər zaman Türk Dünyasının problemlərini öz problemi bilib, Türk Dünyasının sevincini sevinci, kədərini kədəri bilib, türklük davası aparıb və bundan sonra da aparacaq”
May ayının 2-də Akademik Milli Dram Teatrında Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə 3 may Türklük bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə ziyalılar, millət vəkilləri, Türkiyədən gəlmiş qonaqlar və başqaları iştirak ediblər. Mərasimdə çıxış edən ATQB sədri Tənzilə Rüstəmxanlı Türk dünyasının inteqrasiyasından, bayramın əhəmiyyətindən və türk dövlətlərinin bir məqsəd uğrunda birləşməsindən danışdı.
Tənzilə Rüstəmxanlı çıxışında qeyd etdi ki, “Azəri-Türk Qadınlar Birliyi hər zaman Türk Dünyasının problemlərini öz problemi bilib, Türk Dünyasının sevincini sevinci, kədərini kədəri bilib. Türklük davası aparıb. Bundan sonra da davamızı aparacağıq”.
Bu il mərhum prezident Heydər Əliyevin 85 illiyinin keçirilməsinə də toxunan Tənzilə Rüstəmxanlı mərhum rəhbərin Türk Dünyasının birliyi üçün göstərdiyi xidmətləri də yad etdi.
Daha sonra çıxış edən tanınmış Türk xalq şairi Yavuz Bülent Bakiler, DAK və VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, professor Abbas Bozyel,professor Çetin Elmas və başqaları da milli maraqlar naminə bir mövqedən çıxış etməyin vacibliyini vurğulayıblar. Tədbir bu il də şeir və mahnılarla müşayiət olunub.
Sonra türk müğənnisi Əhməd Şəfəq öz mahnılar ilə tədbiri coşdurdu.
Sonda isə Türkiyədən dəvət olunan qonaqlara xatirə plaketi, şeir müsabiqəsinin qaliblərinə isə diplom təqdim edildi.
Türklük Şöləninin şəkilləri üçün foto-qalereyaya baxın.
|